Bir müdddət öncə yaradılan yerli startaplarımızdan Sumaks şirkəti öz laboratoriya mərkəzini açır.
Belə ki, Azərbaycan Universiteti ilə əməkdaşlıq çərçivəsində yaradılan yeni mərkəzin martın 13-də açılış mərasimi keçiriləcək.
Layihə komandasından Xeberler.az-a verilən məlumata görə, Sumaks və Azərbaycan Universitetinin ortaq mərkəzi olacaq Techno LAB elə AU-da yerləşəcək.
Qeyd edilib ki, Techno LAB Sumaks-ın Biznes Mərkəz olacaq. Həmçinin, mərkəzdə elektronika ilə bağlı işlər də həyata keçiriləcək.
Məlumat verdiyimiz kimi, ötən il Sumaks şirkətinin hazırladığı Avtomaks cihazının təqdimatı keçirildi.
Sumaks komandasının yaratdığı yeni Avtomaks qurğusunun əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona nəzarəti həyata keçirməkdən ibarətdir.
Qeyd edək ki, Avtomaks qurğusu avtomobil və sürücu haqqında əsas məlumatları yaddaşda saxlayır. Bura maşının markası, buraxılış ili, texniki vəziyyəti, o cümlədən, sürücünün şəxsiyyəti haqqında zəruri bilgilər daxildir.
Avtomaks maşınla əlaqədar bir sıra informasiyaları mütəmadi olaraq sahibinə ötürür. Bu zaman bütün sutka boyunca avtomobilin dayanma anını, getdiyi məsafəni, olduğu yerləri izləmək mümkündür. Proqram maşının sığortasının vaxtı bitdikdə, yağının dəyişmə zamanı çatdıqda müvafiq xəbərdarlıq edir.
Bu müddət ərzində Sumaks komandası bir neçə uğura imza atdı. Belə ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 3-ü qrant müsabiqəsinin qalib olaraq 12 min AZN qazandı. Bununla yanaşı, Sumaks Stevie Beynəlxalq Biznes Mükafatında innovativ Avtomaks və məişət proseslərinin idarə edilməsi üzrə layihələrə görə gümüş mükafatına layiq görülüb.
Məlumatımıza görə, şirkət komandası hazırda müxtəlif özəl və dövlət sektoru ilə birgə layihələr həyata keçirir.