Niyaz İsmayılov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və İctimai Televiziyanın birgə layihəsi olan “Virtual rinq” intellektual televiktorinasında qalib gələnlərdən biridir.
Niyaz İsmayılovla müsahibəni təqdim edirik:
-Niyaz bəy, İT sahəsinə marağınız nə vaxtdan başlayıb?
-Bu sahəyə marağım 9-cu sinfin əvvəllərindən başlayıb. Və ilk dəfə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və İctimai Televiziyanın birgə layihəsi olan “Virtual rinq” intellektual televiktorinasında 2-ci yeri qazanmışdım. İT sahəsinə marağım hobbiyə çevrilmişdi: serverlərin, informasiya təhlükəsizliyinin qorunub saxlanılması ilə bağlı biliklər əldə edirdim və günü-gündən bu sahəyə, proqramlaşdırmaya marağım artırdı. Ətrafımdakı insanlardan öyrəndim ki, proqramlaşdırmanın özəyi bu fakültədə tədris olunur.Ona görə də seçimimi belə etdim. Qafqaz Universitetində də bu ixtisas üzrə təhsil ala bilərdim. Sadəcə ödənişli olduğu üçün Qafqaz Universitetini seçmədim.
-Universitetdə yaradılan şərait, texniki avadanlıq sizi qane edirmi?
- Universitetdə kompüter avadanlığı, proqram təminatı var. Amma tələbənin nəsə əldə etməsi ancaq özündən asılıdır. Çünki universitetdə bizə proqramlaşdırma sahəsini tədris edəcək dəyərli kadrların sayı çox azdır. Müasir dövrdə istifadə olunan proqramlaşdırma dilləri ilə bizim keçdiyimiz proqramlaşdırma dillərinin fərqli olması inkişafı ləngidir.
-Hər hansı bir İT şirkətində və ya digər bir qurumun İT sahəsində çalışırsınızmı?
- 2-ci kursun sonlarından bugünə kimi “Digital Source LLC” şirkətində proqram təminatçısı vəzifəsində çalışıram. Yay aylarında bütöv iş saatı, digər vaxtlarda isə yarım iş günü fəaliyyət göstərirəm.
-İT sahəsindəki fəaliyyətiniz dərslərinizdə davamiyyətinizə mane olur?
-Xeyr, mane olmur, çünki bacardığım qədər dərslərdə iştirak etməyə çalışıram. Proqramlaşdırmanın məntiqi əsası riyaziyyatdır. Bu sahədə riyazi bilikləri bilsək, yeni alqoritm, proqram, ideyalar yarada bilərik. Çox zaman deyirlər ki, əsas ideyadır. Amma düşünmürlər ki, bu ideyanı həyata keçirmək üçün düzgün alqoritmik həll lazımdır.
-Sizcə niyə İT sahəsinə qızlardan daha çox oğlanlar maraq göstərir?
-Cəsarət olmadığından. Qızlar bir az qorxurlar, qorxunu özlərində yox edə bilsələr bu sahədə irəli gedə bilərlər. Qızların İT sahəsində olması faydalı olar. Qrup şəklində çalışanda oğlan proqramçıların arasında xanım proqramçının da olması məsuliyyəti artırır.
-İT sahəsi ilə bağlı konfrans, seminar, təlimlərdə iştirak edirsinizmi?
-Bir dəfə seminarda iştirak etmişəm. Amma öz üzərimdə işləməyə daha çox üstünlük verirəm. Çünki, insan özü öyrənəndə həmin işin altını da bilir, üstünü də.
-Ölkədə İT sahəsi ilə bağlı görülən işləri necə qiymətləndirirsiniz?
-Azərbaycanda internet portallar yaradılır, xidmətlər elektronlaşdırılır. Çox gözəl, müsbət addımlardır. Təəssüf ki, heç kim bunun təhlükəsizlik tərəfindən yanaşmır. Xaricdən Azərbaycana gətirilən istənilən mütəxəssis bizim yaratdığımız hər bir sistemi sıradan çıxara bilər. Demək istədiyim, bizim proqramçılar proqramı yazmaqla işini bitmiş hesab edir. Sistemin təhlükəsizliyinə nəzarət etmək, yenilikləri daim diqqətdə saxlamaq lazımdır.
-Gün ərzində internetdən nə qədər istifadə edirsiniz?
-Gün ərzində maksimum 4 saat internetdən istifadə edirəm. Bacardığım qədər az istifadə etməyə çalışıram.
-Bəs siz internetdə öz təhlükəsizliyinizi necə qoruyursuz ?
-İnternetdə olarkən öz kompüterimdəki bütün bağlantıları şifrələyirəm.
-Ən çox istifadə etdiyiniz sosial media vasitələri hansılardır?
-Ən əsas linkedIn-dən istifadə edirəm. Çünki orada biznes əlaqələri qurmaq əlverişlidir. Facebook-dan isə ölkədə baş verən hadisələri öyrənmək üçün istifadə edirəm. Çünki televiziyadan dəqiq informasiya almaq mümkün deyil.
-Proqramlar yazılarkən çətinliklərlə qarşılaşırsanmı?
-Səhvlər qaçılmazdır. Misal üçün, yaradılan sayt, proqramların tərkibində 30 min sətrə yaxın kod olur. Və həmin kodun üzərində 5-6 nəfər proqramçı işləyir. Səhlənkarlıq, diqqətsizlik səhvlərə gətirib çıxarır. Proqram sistem üzərində yazılır və sistemdə yaranan bir səhv proqrama daxil ola bilməmək kimi çətinliklər yarada bilər. Ona görə də, proqram yazarkən son dərəcə diqqətli olmaq lazımdır.
-Özəl İT layihəniz, startapınız var?
- 11- ci sinifdə oxuyanda yollarda təhlükəsizliyin təmin olunması üçün yeni bir aparat təchizatı yaratmağı düşünürdüm. Sürət həddini tənzimləyən aparatla bağlı layihəmi Kibernetika institutuna təqdim etdim. İnstitutdan layihəmlə maraqlandılar və maliyyə ayıracaqlarını bildirdilər. Amma sonra heç bir xəbər çıxmadı.
-Elə bir tələbə yoldaşınız varmı İT sahəsindəki fəaliyyətindən ciddi uğurlar qazanıb?
-Bəli, bir nəfər tanışım var idi, İT sahəsində çalışırdı və yaxşı qazanc əldə edirdi. Universiteti bitirə bilməsə də, hazırda da İT sahəsində çalışır və bu sahədən əldə etdiyi qazancla özünə maşın da alıb(gülür)
-İT sahəsindəki bilikləriniz sizə digər fənnlərin mənimsənilməsində kömək olurmu?
-İnformatika fənnində bəli.
-Son dövrlər insanların İT-ə bu qədər maraq göstərməsinin səbəbini nədə görürsünüz?
-Səbəbi, rahatçılıqdır. Məsələn, balansımıza pul yükləmək üçün mağazaya getməyə tənbəllik edirik. Amma internetə daxil olmaqla bunu çox rahat şəkildə edə bilirik.
-Əksər İT sahəsi ilə məşğul olanlar ünsiyyət də problem yaşayırlar, siz necə belə problemlərlə üzləşirsinizmi ?
-Xeyr, çünki mən çox ünsiyyətcil biriyəm.
-İT sahəsinin sürətli inkişafı üçün hansı təklifləriniz var?
-Proqramçıları bir araya gətirən laboratoriya yaradılsın və proqramçılar bir araya gələrək mövcud sənaye, biznes problemlərini həll etsin. İnkişaf üçün əsasən rəqabət lazımdır. Və dövlətin yetərincə maliyyə dəstəyi olmalıdır.
-İxtisasınız üzrə magistr təhsili almaq istəyirsiniz?
-Bəli, xaricdə təhsil almağı düşünürəm. Oradakı İT inkişaf səviyyəsi bizdən yüksəkdi. Ona görə xaricdə sıfırdan başlamaq daha effektli olardı. Amma buranın bakalavr təhsili ilə gedib orada sıravi bir işçi olmaqdansa, burda öz üzərimdə çalışıb daha yüksəkdə ola bilərəm.